Nazirdən Suriyada döyüşən azərbaycanlılarla bağlı açıqlama
"Biz Azərbaycan vətəndaşlarının hansısa döyüşlərdə iştirak etməsini və həlak olmasını istəmirik".
APA TV-nin xəbərinə görə, xarici işlər naziri Elmar Məmmədyarov son vaxtlar Suriyadakı döyüşlərdə həlak olan azərbaycanlıların sayının artmasına münasibət bildirərkən deyib ki, nazirlik Suriya məsələsini izləyir: "Vaxtilə Azərbaycanın Suriyadakı səfirliyi bu məsələ ilə çox ciddi məşğul olurdu. Bizdə orada yaşayan və oxuyan azərbaycanlılarla bağlı siyahı var idi. Onları Suriyadan çıxarmışıq. Azərbaycan vətəndaşlarının Suriyada döyüşlərdə iştirak etməsi ilə bağlı məlumatlar gəlir".
Nazir bu məsələnin araşdırılaraq müvafiq addımların atılacağını bildirib.
Niderland Krallığının Azərbaycanda rəsmi səfərdə olan xarici işlər naziri Frans Timmermans azərbaycanlı həmkarı ilə mətbuat konfransı keçirib. Holland nazir iki ölkə arasında iqtisadi əlaqələrin inkişafının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Niderland üçün çox vacib ölkədir. O həmçinin Azərbaycanın bu il Haaqada keçiriləcək nüvə təhlükəsizliyi üzrə növbəti sammitə dəvət olunduğunu və Azərbaycan prezidentinin sammitdə iştirak edəcəyini bildirib. Nazirin sözlərinə görə, nüvə enerjisindən sülh məqsədilə istifadə hamı üçün vacib məsələdir və Azərbaycanın təcrübəsi onlar üçün maraqlıdır.