10 YAŞLI "FACEBOOK": nə qazandıq, nə itirdik?

Mark Tsukerberq və onunla birlikdə Harvard Universitetində təhsil alan tələbələr tərəfindən yaradılaraq, 2004-cü il fevralın 4-də fəaliyyətə başlayan "facebook" sosial şəbəkəsi 10 illiyini qeyd edir. Hazırda sosial şəbəkə üzvlərin sayının 1 milyard 230 milyon nəfərə yaxınlaşdığı bildirilir. Ötən ilin son rübündə hər gün “facebook”a 757 milyon adam daxil olub. Həmin dövrdə 556 milyon üzv şəbəkəyə mobil telefonla qoşulub. Azərbaycanda isə təkcə 2013-cü ildə “facebook” istifadəçilərinin sayı 1 milyon 200 min nəfər olub. Ölkədə son 3 ildə sosial şəbəkələr, ən çox isə “facebook” bəzi insanların həyat tərzinə çevrilib. Psixoloq Elnur Rüstəmov APA TV-yə deyib ki, sosial şəbəkələrin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var. İnsanlar biri-biri ilə virtual danışmağa üstünlük verir ki, bu da depresiyalara, fobiyalara gətirib çıxarır: "Ünsiyyəti, insanlar arasında münasibəti virtuallaşdırdı. Əgər əvvəllər kimsə kiminlə görüşürdü yaxud telefon vasitəsi ilə söhbət edərdisə, bu gün görüşmək ancaq sosial şəbəkələr üzərindən formalaşıb. İnsanlar arasında canlı ünsiyyət bağlantısı azalıb. Bu da psixoloji narahatlığa təsir göstərir".

 

2006-cı ildən saytdan elektron poçt ünvanına malik yaşı 13-dən yuxarı olan bütün şəxslər yararlana bilər. “Facebook”da qeydiyyatdan keçmək üçün bəlli bir yaş tələb olunsa da, bunun üçün heç bir sənəd tələb olunmur. Bu da o deməkdir ki, istənilən insan qeydiyyatdan keçə bilər. Azyaşlıların saytdan istifadəsi isə ən aktual problemlərdən biridir: "8 yaşında uşaq da özünü böyük kimi təqdim edib “facebook”dan qeydiyyatdan keçə bilər. Maarifləndirməni məhz bu  istiqamətə yönəltmək lazımdır ki, azyaşlıların “facebook”dan istifadəsinə müəyyən məhdudiyyətlər qoyulsun".

 

Psixoloq deyir ki, son vaxtlar uşaqlarda “facebook”dan asılılıq yaranıb. Asılılıq isə özü ilə müəyyən problemlər gətirir. Uşaqlar dərsdən uzaqlaşır, ətrafla ünsiyyəti azaldır, ailə ilə konfliktlər yaranır. Onun sözlərinə görə, valideynlər narahat olduğundan daha çox bununla bağlı müraciət edir. Buna baxmayaraq, “facebook”dan yaxşı məqsədlər üçün istifadə edənlər də var: "Məsələn, siyasi xadim və ya hansısa ictimai təşkilatın nümayəndəsi gördükləri işlər barədə məlumat verir. Fərdi şəkildə psixoloq, hüquqşünas, incəsənət xadimidirsə fəaliyyəti haqqında cəmiyyəti bilgiləndirə bilər".

Paytaxt sakinlərinin bəziləri bunu vaxt itkisi kimi dəyərləndirir, bəziləri isə faydalı olduğunu deyir.

Hər şeyin çoxu ziyandır deyirlər. Zərərli olan hər şeydən uzaq durmaq, vaxtdan səmərəli istifadə etmək arzusu ilə...
 

Müəllif | Apa.Tv
Almaz Qasımova