Moskvada BAYKERİ ÖLDÜRƏN AZƏRBAYCANLIYA 5 İL HƏBS!

Moskva vilayət məhkəməsi bayker Leonid Frolovu öldürən Bəxtiyar Əliyevi 5 il azadlıqdan məhrum edib. O, sağlamlığa qəsddən ziyan vurma maddəsi ilə təqsirli bilinib və cəzasını ağır rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Rusiya mətbuatının iddiasına əsasən, Bəxtiyar Əliyev Azərbaycanda gizləndiyindən, məhkəmə iclasında yalnız onun vəkili iştirak edib.
 

APA TV-nin xəbərinə görə, məhkəmə birinci instansiyanın hökmünü ləğv edib. Daha öncə Sergievo-Posadski şəhər məhkəməsi cinayəti ehtiyatsızlıqdan törətmə maddəsi Bəxtiyar Əliyevi qiyabi olaraq bir il azadlıqdan məhrum etmişdi.
 

2012-ci ilin 30 iyununda "Merkuri" bazarında mübahisə zamanı Əliyev bayker Leonid Frolovun üzünə yumruq zərbəsi endirib və nəticədə həmin şəxs yerə yıxılaraq, başı asfalta dəyib. Bayker rayon xəstəxanasında dünyasını dəyişib. Sergievo-Posadskiy məhkəməsinin bir il azadlıqdan məhrumetmə qərarı motosikl istifadəçilərinin ciddi etirazına səbəb olub. Moskva vilayət məhkəməsi ötən il oktyabrın 15-də onun üzərindəki bu cəzanı təxirə salaraq işə yenidən baxılması qərarını çıxarıb.
 

Müəllif | Apa.Tv