Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən YENİLİK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə elektron informasiya sistemini yaradır. Bundan sonra əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan deyil, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranacaq.

 

"Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Fərmanının icrası ilə  əlaqədar müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müəyyən tapşırıqlar verilib.  Verilmiş tapşırığa əsasən əmək müqaviləsi bildirişinin formasının və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalarının, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat formasının, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaların bir ay müddətində hazırlanması nəzərdə tutulub.

 

APA TV xəbər verir ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən, artıq nazirlikdə elektron informasiya sistemi fəaliyyətə başladıqdan sonra bütün işçilər öz öhdəliklərini bilmiş olur. Əvvəllər əmək müqaviləsi bağlamadan şəxsin hər hansı bir işə cəlb olunmasına görə cərimə tətbiq edilirdisə, artıq həmin əmək müqaviləsi ilə bağlı məlumatın elektron informasiya sisteminə daxil edilməməsinə görə cərimənin tətbiqi nəzərdə tutulub. Eyni zamanda Cinayət Məcəlləsinə də dəyişiklik edilib ki, işçilərin əmək müqaviləsi bağlamadan işə cəlb olunması ilə bağlı işəgötürənlər 7 min manatdan 10 min manatadək və ya 3 il müddətinə azadlıqdan məhrum ediləcək.

 

Müəllif | Apa.Tv