Amerikalı həmsədr: "Cəbhədəki gərginlik danışıqlara mənfi təsir göstərir"

“Cəbhədəki gərginlik danışıqlara mənfi təsir göstərir”.

 

APA TV-nin xəbərinə görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. Onun sözlərinə görə, noyabr ayının 19-dan sonra atəşkəs rejiminə dair razılaşmaya hər iki tərəfdən əməl olunurdu və insidentlərin sayı azalmışdı. Ceyms Uorlik hesab edir ki, tərəflərin etimad göstərdiyinə və irəliləyiş əldə edilməsi üçün atmosferin münbitliyinə əmin olmaq vacibdir: "Biz hər iki tərəfdən atəşkəs haqda razılaşmaya əməl edilməsinə dair öhdəlikləri görmək istərdik. Həmçinin, qoşunların təmas xəttində, həmçinin Ermənistan-Azərbaycan sərhədi boyunca zorakılıq, ölüm və yaralanma hallarının mümkün qədər azalmasını istəyirik".

Atəşkəsin pozulması ilə bağlı faktları əldə etməyin çətin olduğunu deyən amerikalı həmsədr bildirib ki, ATƏT cəbhə xəttində monitorinq keçirir. Lakin qurumun əməkdaşlarının sayı çox olmadığından və onların ora getmək imkanları çox vaxt məhdud olduğundan insident faktını təsdiqləmək mümkin olmur. Bu səbəbdən həmsədrə, yaxud da digərinə insidentin necə başladığını söyləmək çətindir. Hər iki tərəfdən ölüm və yaralanma halları barədə məlumatlar daxil olur və burada bəzən günahsız mülki əhali də zərər çəkir.

Həmsədr prezidentlərin növbəti görüşündən də danışıb: "Biz burada prezidentlə görüşdük. İrəvana da gedəcəyik. Prezidentlərin görüşünə gəldikdə, onların özləri belə görüşün baş tutub-tutmayacağı, onun harada keçiriləcəyi ilə bağlı qərar verəcək. Hələ İrəvana getməmişik, növbəti addımların nədən ibarət olacağını indidən söyləmək çətindir".

Amerikalı həmsədr danışıqların bu və ya digər tərəf üçün qəbulolunmaz kompromis olduğunu görmək istəmədiklərini deyir və hesab edir ki, hər iki ölkə üçün qələbə, uğur gətirəcək yolu tapmaq vacibdir.

 

Müəllif | Apa.Tv