Bakıda mənzildən YARIM MİLYON MANAT OĞURLANDI
Bakı şəhərinin Nərimanov rayonu ərazisində mənzildən külli miqdarda pul oğurlanıb. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, A.Heydərov küçəsi 29/22 ünvanında Məmmədov Oqtay Məmməd oğluna məxsus evdən külli miqdarda pul və qızıl-zinət əşyası oğurlanıb. Şikayətçi bildirib ki, həyat yoldaşı Rahidə Məmmədova evdə olmadığı müddətdə, fevralın 4-ü saat 14-dən 19-dək olan vaxtda mənzilə basqın edilib. Evdən 200 min ABŞ dolları, 190 min manat və 150 min manat dəyərində qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb. Ehtimala görə, mənzilə acarsalma üsulundan istifadə edilərək daxil olan şəxslər evdə heç kimin olmadığını dəqiq biliblər. Bu isə oğurluğun ailəyə yaxın olan şəxslər tərəfindən törədildiyi ehtimalını yaradır. Nərimanov rayon polis idarəsinin rəisi Muradəli Babayev APA TV -yə bildirib ki, cinayətin üstü hələlik açılmayıb. Polis rəisi oğurlanan məbləğin ərizədə göstərildiyi qədər olmadığını deyib: "Mənzildən oğurlandığı deyilən məbləğ zərərcəkənin uydurmasıdır. Qadın əvvəl evdən 35.000 manat oğurlandığını bildirib. Sonra ifadə dəyişdirilib. Bu adi bir oğurluq faktıdır.