Səfir: "Ermənistanı dövlət kimi tanımırıq"

"Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini həm ikitərəfli əlaqələrdə, həm də beynəlxalq arenada hər zaman dəstəkləyir. Biz yeganə dövlətik ki, bu problemə görə Ermənistanı dövlət kimi tanımırıq".

 

APA TV xəbər verir ki, bunu Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Xalid Usman Qayser keçirdiyi mətbuat konfransında deyib. O, Azərbaycanın da Kəşmir problemində Pakistana verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyib: "Kəşmir problemi və Dağlıq Qarabağ problemləri arasında bir sıra oxşarlıq var. Hər iki ərazi qanunsuz olaraq işğal olunub. Ərazilərdə insan haqları, beynəlxalq hüquq  kobud şəkildə pozulub. Əhali köçürülüb və ərazi demoqrafik dəyişikliyə uğrayıb. Dini, tarixi və mədəni irs təhqir olunub. Hər iki münaqişə regional təhlükəsizliyə real təhdiddir".

 

Səfirin fikrincə, beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli görünmür. Münaqişənin yeganə həlli üçün diplomatik, siyasi danışıqlar aparılmalıdır: "Ötən il Pakistan parlamenti Xocalı soyqırımını tanıdı. Pakistan Azərbaycanı bütün beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı tərkibində dəstəkləyir. Həmçinin, Azərbaycan da təşkilat daxilindəki Kəşmir Qrupuna üzvdür".

 

Səfir iqtisadi münasibətlərdən də danışaraq infrastruktur, hərbi, enerji, əczaçılıq, idman malları sahəsində əməkdaşlığı üçün böyük potensial olduğunuq qeyd edib. Xalid Usman Qayserin dediyinə görə, o, gələn il Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ilə səbəbi ilə pakistanlı biznesmenləri buraya cəlb etmək niyyətindədir.

 

Müəllif | Apa.Tv