Qazın verilməsində yaranan fasilələrin səbəbi məlum oldu
Ötən həftə mavi yanacağın verilməsindəki fasilələrin yaranmasına səbəb kimi 3 magistral qaz xəttində yaşanan nasazlıqları göstərirlər. Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi ictimaətlə əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımovun APA TV-yə verdiyi məlumata görə, Qaradağ, Sumqayıt magistral kəmərdə yaranan partlayış isə Abşeron və Sumqayıtda mavi yanacağın kəsilməsinə səbəb olub. Eyni zamanda yanvarın 31-də torpaq sürüşməsi nəticəsində Masallı, Lerikdə magistral qaz xəttində yaranan problem cənub bölgəsində, fevralin 1-də isə Böyük Şor xəttində yaranan sızma Sabunçu, Suraxanı rayonlarında mavi yanacağın verilişində ciddi problemlər yaradıb. Tahir Kazımov deyir ki, qaz sızması halları son günlər yaşayış binalarında da müşahidə edilir: "Qaz borularında inşaat materialı kimi metal istifadə olunur. Qışda metal boru sıxılır və bu zaman da həmin borulara keçirilən yivlərdə boşalma gedir. Bu zaman mövcud qaz sızması baş verir. Bunun üçün əhaliyə xəbərdarlıq edilir ki, bu cür boruları istifadə edərkən mütəxəssislərlə məsləhətləşmək vacibdir. Qaz borusunu çəkən zaman mütləq qaynaq vasitələrdən istifadə etmək lazımdır".
Azəriqaz rəsmisi deyir ki, havaların kəskin soyuması dəm qazından zəhərlənmələrin də sayını artırıb. Son bir ayda ölüm hallarının 85 %-i məhz dəm qazının payına düşür. Zəhərlənmələrə səbəb isə ilk növbədə bacaların vaxtında təmizlənməməsi və standartlara cavab verməyən sobalardan istifadə edilməsidir. Bu cür bədbəxt hadisələrin qarşısını almaq üçün İstehsalat Birliyi vaxtaşırı monitorinqlər keçirir.