"Gənc Liderlər üçün Qış Universiteti"
"İrəli" İctimai Birliyinin layihəsi olan "Gənc Liderlər üçün Qış Universiteti"nin açılış mərasimi olub. APA TV-nin xəbərinə görə, mərasimdə çıxış edən Birliyin sədri Rauf Mərdiyev bildirib ki, "Gənc Liderlər üçün Yay və Qış Universitetləri" layihələri müxtəlif sahələr üzrə onların bilik və bacarıqlarının artırılması, fəal vətəndaş kimi yetişmələri, eyni zamanda gənc liderlərdən ibarət şəbəkələrin formalaşmasını təmin edir. Onun sözlərinə görə, 2009-cu ildən başlayan layihə Azərbaycanın ən fəal və potensiallı 600 nəfər gəncini bir araya gətirib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, layihə artıq gənclər arasında maraq dairəsini yetərincə genişləndirə bilib. Layihənin böyük uğur qazandığını deyən Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev isə bildirib ki, fond hər zaman bu cür layihələri dəstəkləyib. O deyib ki, il yarım ərzində fonda 1642 layihə təqdim edilib. Onlardan 1021-i dəstəklənib, 277 təşkilat və 2100 fərdi gənc fondun qeydiyyatına alınıb.
Layihə 5-8 fevral tarixlərini əhatə edir. 100 gənc lider 4 gündə gəncləri əhatə edən müxtəlif və gündəmdə olan mövzular üzrə ölkənin aparıcı ekspertləri ilə görüşəcək, fikir mübadiləsi aparacaq, yeni təşəbbüs, təkliflər üzərində çalışacaqlar.