Prezident İlham Əliyev: "Azərbaycan hətta inkişaf etmiş ölkələri qabaqlayır"
Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr edilmiş konfrans keçirilib. Konfransa Azərbaycan prezidenti İlham Əliyev sədrlik edib. İkinci dövlət proqramının artıq başa çatdığını deyən prezident İlham Əliyev bildirib ki, 2004-cü ildə birinci proqramın qəbul edilməsi regionların inkişafında xüsusi rol oynayıb. 2009-2013-cü illəri əhatə edən ikinci proqramın ölkəmizin iqtisadi potensialını gücləndirilməsində rolu böyük olub. Bunun əsas səbəbi isə iqtisadi müstəqillik və siyasi iradədir: "Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması ixrac potensialının yaradılması son illərin əlamətidir. Əlbəttə bütün bu əldə edilən nailiyyətlər statistik göstəricilərdə də əks olunur. Ölkədə 1 mln 200 min iş yerləri açılıb ki, onların 900 mini daimi iş yerləridir. Yoxsulluq təxminən 50 faizdən 5,3 faizə düşüb, işsizlik beş faiz təşkil edir. Bu göstəricilərə görə, Azərbaycan hətta inkişaf etmiş ölkələri qabaqlayır. Xarici dövlət borcumuz 8 faiz təşkil edir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yüksək göstəricidir. Bu onu göstərir ki, biz öz iqtisadi siyasətimizi çox böyük dəqiqliklə həssaslıqla aparırıq".
Azərbaycanın iqtisadi potensialından danışan dövlət başçısı gələcək illərdə də xarici borcun aşağı səviyyədə saxlanılacağını bildirib və qeyd edib ki, ötən il Azərbaycan iqtisadiyyatına qoyulan sərmayə rekord həddə çatıb, 28 mlrd. dollar təşkil edib. Daxili sərmayələrin xarici sərmayələri üstələdiyini deyən dövlət başçısı son on ildə 1200-dən çox obyektin açılışında şəxsən iştirak etdiyini xatırladıb. Onun sözlərinə görə, on ildə 2700 məktəb tikilib, 500-dən çox tibb müəssisəsi inşa edilib və yaxud əsaslı təmir edilib, 41 olimpiya kompleksi istifadəyə verilib.
APA TV xəbər verir ki, sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış ediblər.
Konfrans sərgiyə yekun vuran prezident İlham Əliyev son on ildə əldə edilən uğurların növbəti ildə davam etdiriləcəyini, makro-iqtisadi göstəricilərin sabit qalacağını bildirib.