Lənkəranda zəncirvari qəza: KÖRPÜ BAĞLANDI
Lənkəranda zəncirvari yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 204-cü kilometrliyində, rayonun Velədi kəndi ərazisindən keçən körpünün üzərində qeydə alınıb. İran vətəndaşı, 53 yaşlı Mirmuhəmməd Nadirinin idarə etdiyi “MAN” markalı ağırtonnajlı yük maşını Ələt istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək, qarşı tərəfdən gələn Lənkəran rayonunun Osaküçə kənd sakini, 25 yaşlı Elnur Adıyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobillə toqquşub. “MAN”-ın arxasınca hərəkətdə olan Lənkəran şəhər sakini, 27 yaşlı Fərid Hüseynovun idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobil isə yük maşınına çırpılıb. Zərbənin gücündən “Hyundai Santa Fe” yoldan çıxaraq, sol tərəfdəki dərəyə aşıb. Zəncirvari qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ-2109” markalı avtomobilin sərnişini, 24 yaşlı Sadiq Tağıyev xəstəxanaya yerləşdirilib. Magistral yolda isə avtomobillərin hərəkəti 2 saata yaxın iflic olub. Hadisə yerinə gələn yol polisi əməkdaşlarının həyata keçirdikləri müvafiq profilaktik tədbirlərdən sonra zədələnmiş avtomaşınlar yoldan götürülüb, nəqliyyat vasitələrinin intensiv hərəkəti bərpa olunub.
İlkin versiya kimi zəncirvari qəzanın yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə aparılan avtotexniki ekspertizanın nəticələrindən sonra məlum olacaq. Faktla bağlı araşdırma apaılır.