Azərbaycanda mal-qaranın sayı artıb - RƏQƏMLƏR
"2004-2013-cü illərdə kənd əhalisinin sayının 10,2 faiz artımı ilə müqayisədə ümumi kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,3 dəfə artıb".
APA TV-nin xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Nazir qeyd edib ki, kənd təsərrüfatının mühüm bölməsi olan bitkiçilikdə 2004-2013-cü illərdə əkin sahələrinin 64,2 min hektar artması ilə yanaşı, əksər bitki növləri üzrə məhsuldarlıq səviyyəsində də əhəmiyyətli artımlara nail olunub: “Heyvandarlıqda həyata keçirilən islahatlar nəticəsində mal-qaranın baş sayının sabit templə artımına nail olunub. Belə ki, 2004-2013-cü illər ərzində iribuynuzlu mal-qaranın baş sayı 17,1 faiz artaraq 2 milyon 713 minə, qoyun və keçilərin baş sayı 15,6 faiz artaraq 8 milyon 661 minə, quşların sayı isə 40,1 faiz artaraq 25,5 milyona çatıb. İribuynuzlu mal-qaranın baş sayının 17,1, qoyun və keçilərin baş sayının 15,6 faiz artması müqabilində intensiv inkişaf, yəni, onların cins tərkibinin dəyişdirilib, daha məhsuldar cinslərlə əvəz edilməsi həmin dövrdə ət istehsalının 51,3, süd istehsalının 49,9, yumurta istehsalının isə 68,9 faiz üstün artımına səbəb olub".
Kənd təsərrüfatı naziri 2004-cü ildə mövcud olan 1 milyon 635 min hektar əkin yerinin 79,2 faizində əkin aparıldığı halda, 2013-cü ilə 1 milyon 695 min hektar əkin sahəsinin 99,4 faizində əkinnin aparıldığını qeyd edib. Nazirin sözlərinə görə, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 2005-2013-cü illər ərzində dövlət büdcəsindən və ehtiyat fondları hesabına 458 milyon manat vəsait ayrılıb.
Heydər Əsədov torpaqların münbitliyini artırmaq, yüksək məhsuldarlığa nail olmaq məqsədilə 121 milyon manat dəyərində 400 min ton müxtəlif növ mineral gübrələr alındığını, 2009-cu ildən başlayaraq, 9306 baş ətlik və südlük istiqamətdə iribuynuzlu damazlıq heyvanlar və 1321 baş yüksək məhsuldarlı cins keçilər alınaraq, güzəştli şərtlərlə lizinqə verildiyini deyib.