Son 10 ildə məcburi köçkünlər üçün 77 qəsəbə salınıb

"2014-cü ilin “Sənaye ili” elan olunması bu sahədə aparılan işləri daha da genişləndirəcək və sənayeləşməni sürətləndirəcək".
 

APA TV-nin xəbərinə görə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib ki, 10 ildə regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlayıb və regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Bölgələrdə 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektinin və yeni müəssisənin açılışı olub və yaxud təməli qoyulub, bölgələrə 737,4 milyon manat vəsait ayrılıb. Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasından danışan nazir qeyd edib ki, 12 çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə salınıb, burada 37 min ailə yerləşdirilib.
 

Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilib və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılıb: "Pilot taxılçılıq təsərrüfatında ötən il rekord həcmdə - hər hektardan 55 sentner taxıl və 100 sentnerdən artıq yüksək keyfiyyətli qarğıdalı yığılıb. Hazırda Beyləqan, Hacıqabul, Cəlilabad və Xaçmaz rayonlarında da 5 iri fermer təsərrüfatının yaradılması işləri yekunlaşmaqdadır. Aqrar sektorda emalçılar ilə istehsalçılar arasında münasibətlərin tənzimlənməsi, fermerlərin dövlətin dəstək mexanizmlərindən səmərəli istifadə etməsi məqsədilə regionlarda 50 başlıq südlük cins heyvandarlıq ailə təsərrüfatlarının yaradılmasına başlanılıb".

Şahin Mustafayev bildirib ki, son 10 ildə regionlarda 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə ümumi tutumu 203 min ton olan 40 logistik mərkəzin və ümumi tutumu 342 min ton olan 21 taxıl anbarı kompleksinin yaradılıb. 10 ildə qeyri-neft ixracı 4,7 dəfə, o cümlədən meyvə-tərəvəzin emal məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə, ixrac ölkələrinin sayı isə 20 vahid artıb.

 

Müəllif | Apa.Tv