Rövnəq Abdullayev şaxtalı günlərdə anbarlardan çıxan qazın həcmini açıqladı

"Geniş investisiya tutumlu layihələrin vaxtında icra olunması Azərbaycanın qaz hasilatını 29,5 milyard kubmetrə çatdırmağa imkan verib".

 

APA TV-nin xəbərinə görə, bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, 2013-cü ildə 13,3 milyard kubmetr qaz respublikanın qaz nəqli sisteminə təhvil verilib. İki böyük yatağın - "Ümid" və "Abşeron" qaz yataqlarının kəşf edilməsi Azərbaycanın zəngin potensialının tam və səmərəli istifadə olunması üçün daha böyük perspektivlər açıb: ""Ümid" yatağının bir neçə gün bundan əvvəl təhvil verilmiş 12 nömrəli kəşfiyyat quyusundan alınan nəticələr yatağın daha böyük ehtiyata malik olduğunu təsdiq edib. "Bulla-dəniz" yatağının ikinci tektonik blokunda yerləşən 90 nömrəli quyunun nəticələri isə göstərib ki, çoxdan istismarda olan yataqların aşağı laylarında məhsuldarlıq perspektivləri yüksəkdir".

 

O qeyd edib ki, havaların soyuq keçdiyi günlərdə anbarlardan sistemə gündəlik 25-26 milyon kubmetr qaz verilir ki, bu da "Şahdəniz" yatağından gündəlik hasil olunan qazın həcminə bərabərdir. 2004-cü ildə ölkənin yalnız 49 şəhəri, rayon mərkəzi və bu mərkəzlərə yaxın kənd və qəsəbəsi təbii qazla təmin olunub. Ölkə üzrə qazlaşma səviyyəsi cəmi 39,8 faiz təşkil edib. Bu gün respublikanın bütün rayon mərkəzlərində, hətta sovet dövründə qazlaşdırılmayan 663 qəsəbə və kənddə qazlaşdırma işlər tam başa çatdırılıb. ARDNŞ prezidenti bildirib ki, 2013-cü ildə qazlaşma səviyyəsi 89,8 faizə, o cümlədən Bakı şəhəri üzrə 99 faizə, regionlar üzrə 83,4 faizə çatdırılıb. Ölkə üzrə real qazla əhali abunəçilərinin sayı 2004-cü ildə 700 mindən aşağı olduğu halda, bu gün 1 milyon 600 mindən artıqdır. Bunun üçün ümumi uzunluğu 4 min 800 kilometrdən artıq magistral qaz kəmərləri, 25 min kilometrdən çox müxtəlif diametrli daşıyıcı xətt çəkilib, 8 min kilometrə yaxın boru xətti isə əsaslı təmir olunub. Onun sözlərinə görə, Dövlət Neft Şirkəti əhaliyə göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsi, abunəçilərlə müqavilələrin yerinə yetirilməsində şəffaflığın artırılması məqsədilə "Azəriqaz" İstehsalat Birliyinin müştəri xidməti fevralın 6-dan "ASAN xidmət" strukturlarında fəaliyyətə başlayacaq.

 

Müəllif | Apa.Tv