Tutulan şəxs: "Uşaqlarımın üzünə necə baxacağam?"
Masallı rayonunda zor tətbiq etməklə özgəsinin əmlakını talayan şəxs yaxalanıb. Masallı Rayon Polis Şöbəsinin müstəntiqi Teymur Ələkbərov APA TV-nin cənub bürosuna deyib ki, Boradigah qəsəbəsində yaşayan Neftçala şəhər sakini, 41 yaşlı Şakir İsmayılov üzünü maska ilə gizlədərək qonşusu 50 yaşlı Sara Kəlbiyevanın evinə girib: "Qonşusu Sara Kəlbiyevanın evdə tək olduğunu bilərək onun yaşadığı evə basqın edib və həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib. Sonra ona məxsus olan 300 manat pulu alaraq gedib".
Şakir İsmayılov qonşusunun göz nahiyəsinə yumruq vurub, kəllə-beyin zədələri yetirib, həmçinin bıçaqla əlini kəsib.
Yaxalanan Şakir İsmayılov həmin vaxt içkili olduğunu bildirib.
Şakir İsmayılov bunları deyib: "İki qızım, iki oğlum, nəvəm var. Neçə gündür, burdayam. Oturub fikirləşirəm ki, uşaqların üzünə necə baxacağam?! Mənim üçün bu xəcalətdir".
Faktla bağlı cinayət işi başlanıb.