Azərbaycan prezidenti Soçiyə getdi
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Rusiya Federasiyasına işgüzar səfərə gediblər. Səfərin məqsədi fevralın 7-də Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etməkdir.
Azərbaycanın dövlət başçısı Soçidə ilk görüşünü Litvanın Baş naziri Alqirdas Butkeviçiusla keçirib. Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə edidib, bu əlaqələrin yaxşı perspektivlərinin olduğu bildirilib. Ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev daha sonra Qətər Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Görüşdə ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu bildirilib, əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə ticarət, sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.