Qırmızı işıqda keçən QADIN SÜRÜCÜ QƏZA TÖRƏTDİ
Ötən gecə Bakıda qadın sürücü yol-nəqliyyat hadisəsi törədib. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində baş verib. 20 yaşlı Süleymanov Ağasәlim Ağacavad oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə 26 yaşlı Hüseynova Turan Akif qızının idarə etdiyi “Kia” markalı maşın toqquşub. APA TV-nin xəbərinə görə, qəza nəticəsində sürücülərdən heç biri xəsarət almasa da, hər iki maşına ziyan dəyib.
İlkin ehtimala görə, qəzaya qadın sürücü səbəb olub. Belə ki, Turan Hüseynova Səməd Vurğun küçəsi ilə hərəkətdə olarkən işıqforun qırmızı işığına məhəl qoymayıb, bu vaxt Bakıxanov küçəsi ilə hərəkət edən "Hyundai" qadın sürücünün idarə etdiyi "KİA"ya çırpılıb.
Faktla bağlı araşdırma aparılır.