Ərdoğan AZƏRBAYCANLI JURNALİSTİ DEPORTASİYA ETDİRDİ

Baş nazir Rəcəb Tayyib Ərdoğan azərbaycanlı jurnalisti Türkiyədən deportasiya etdirib. Azərbaycan vətəndaşı Mahir Zeynalov nurçulara məxsus, ingilis dilində nəşr edilən “Todays Zaman” qəzetinin redaktoru və yazarıdır.

Bu barədə "OdaTV" xəbər yayıb. Deportasiya qərarı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prokurorluğa şikayəti əsasında verilib.

APA TV-nin xəbərinə görə, Ərdoğan şikayətində M. Zeynalovun “Twitter”də yazdığı mesajlarda həqarətə yol verdiyini, xalqı kin və düşmənçiliyə təhrik etdiyini bildirib. Bunun əsasında Türkiyə Daxili İşlər Nazirliyi 5683 saylı “Əcnəbilərin Türkiyədə yaşaması və səyahət etməsi haqqında qanun”a uyğun olaraq Mahir Zeynalovu ölkədən qovub.   

“Todays Zaman” qəzetinin baş redaktoru Bülənt Keneş qərarı pisləyərək Mahir Zeynalovun 10 mart 2014-cü il tarixinə qədər Türkiyədə çalışma izni olduğunu söyləyib: “Bunlar həm despot, həm də yalançıdır. Türkiyəni dədələrinin malı zənn edənlər Mahir Zeynalova 4 ildir verdikləri mətbuat kartını bu il heç bir əsas olmadan vermədilər. Qəbilə dövlətində belə, müəyyən hüquq var. Belə məlum olur ki, bizi idarə edənlərdə bu da qalmayıb. Təəssüf, çox təəssüf...”

Bir müddət əvvəl hakim partiyanın sıralarından istefa verən millət vəkili, keçmiş futbol ulduzu, nurçu Hakan Şükür də öz “Twitter” səhifəsində fakta münasibət bildirib: “Siz mətbuat azadlığından danışırsınız?! “Todays Zaman”  yazarı Mahir Zeynalovun deportasiyasına baxın...”

Türkiyədə bir müddətdir, hökumət partiyası ilə Fətullah Gülənin icması, yəni nurçular arasında müharibə davam edir. Nurçu və onlara yaxın şəxslər dövlət strukturlarından uzaqlaşdırılır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı