Gəncədə dəmir yolu vaqonları istehsalına gələn il başlanacaq

"Gəncədə tikintisi planlaşdırılan yeni dəmiryol vaqonları istehsalı zavodu həm yeni müasir vaqonların istehsalını, həm də köhnə vaqonların əsaslı təmirini həyata keçirməyə imkan verəcək".

 

APA TV xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov bildirib. Onun sözlərinə görə, yeni zavodun tikintisi ilə əlaqədar İsveçrənin “Stadler” şirkəti ilə danışıqlar aparılır. Eyni zamanda sözü gedən şirkətlə bağlanmış müqaviləyə əsasən 30 yeni vaqonun alınması nəzərdə tutulur.: "Hazırda həmin şirkətlə yeni layihələr işlənib. Həmin şirkətlə 30 ədəd sərnişin vaqonunun alınmasını planlaşdırırıq. Bu məqsədlə 2014-cü ilin dövlət büdcəsində 30 milyon manat vəsaitdə ayrılıb. Gələcəkdə də bu vaqonların texnologiyaları əsasında yeni vaqonlar istehsal edəcək".  

QSC rəsmisi bildirib ki, Gəncədə Vaqon Deposunun bazasında tikiləməsi planlaşdırılan zavodun inşasına 2014-cü ildə başlanacağı gözlənilir. 2015-ci ilin sonlarında isə yeni vaqonların istehsalına başlanılacaq.

 

Müəllif | Apa.Tv