BMT və Dəməşq hökuməti razılığa gəldi

BMT və Dəməşq hökuməti arasında aparılan danışıqlar nəticəsində Homs şəhərindəki vətəndaşların mühasirədən çıxmasına icazə verilib. Şəhərin müxaliflərin nəzarətində olan hissəsi təxminən iki ildir, Suriya ordusunun mühasirəsi altında ağır bombardmana məruz qalır.

APA TV-nin xəbərinə görə, Suriya Xarici İşlər Nazirliyi rəsmiləri humanitar yardımların silahlı qruplara getməsinə mane olacaqlarını bildirib: "Nəhayət Homsda qalan çarəsiz insanlara yardım etmə imkanı əldə etdiyimiz üçün xoşbəxtik. Bu insanların doğrudan da yardıma ehtiyacları var. Ancaq ön şərtimiz yardımların terrorçuların və silahlı qrupların əlinə keçməməsidir".

BMT rəsmiləri humanitar yardımların çatdırılması üçün 7 fevraldan etibarən atəşkəs təmin olunacağı və mülki şəxslərin şəhərdən çıxmasına icazə veriləcəyini qeyd edib.

"BMT və birlikdə işlədiyi humanitar yardım təşkilatları qida, sağlamlıq və əsas ehtiyac maddələrini Homsa çatdırmaq üçün şəhərin yaxınlığında gözləyir. Tərəflər etibarlı keçidi təmin edən kimi şəhərə giriləcək".

Suriya probleminin müzakirə edildiyi Cenevrə 2 konfransında humanitar yardımlar üçün etibarlı dəhlizin yaradılması gündəmə gəlib. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı