Dəmir yollarında YENİLİKLƏR OLACAQ
"Ötən il Şimal istiqamətində hərəkət edən bütün qatarların, Bakı-Rostov, Bakı-Xarkov qatarlarının tərkibi tamamilə dəyişdirilib, yeni vaqonlarla əvəz edilib".
APA TV-nin xəbərinə görə, «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini Qurban Nəzirov deyib ki, Azərbaycan dəmir yolları yükdaşıma ilə bağlı stansiyaların fəaliyyətini də gücləndirilib. Ötən il 80-ə yaxın sərnişin vaqonu Ukraynada və Rusiyada təmir olunaraq istismara verilib: "Ötən il dəmir yolunda yükdaşımada lokomotivlərin istismarı ilə bağlı olan problemlər həll olunub. Baltikyanı ölkələr və Ukraynanın müvafiq zavodlarında 10-a yaxın lokomotiv təmir olunub və artıq istismara verilib. Eyni zamanda, ötən il Çexiyada Azərbaycan dəmir yollarına məxsus 5 teplovoz təmir olunaraq, artıq istismara verilib".
Rəis müavininin sözlərinə görə, eyni zamanda ölkə daxilində hərəkət edən qatarlar və Bakı-Tbilisi qatarında vaqonlar tamamilə dəyişdirilib. 2014-cü ilin sonuna qədər digər istiqamətlərdə də hərəkət edən sərnişin qatarlarının dəyişdirilməsi mümkin olacaq.
Azərbaycanda sərnişin təsərrüfatının yaxşılaşdırılması ilə əlaqədar xeyli iş görüldüyünü deyən Qurban Nəzirov bildirib ki, bu ildən etibarən İsveçin «Bombardier» şirkəti Azərbaycan dəmir yollarında Bakı-Böyük-Kəsik istiqamətində TRACECA xətti boyunca rabitə və işarəvermə qurğularının yeni sistemə keçirilməsi prosesinə başlayacaq.