Sumqayıtda dəhşət: 23 YAŞLI OĞLAN ÜÇ DAYISINI DİRİ-DİRİ YANDIRDI
Sumqayıtda dəhşətli qətl törədilib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında Corat bağlarında qeydə alınıb. Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinə od vuraraq, qapılarını bağlayıb.
Nəticədə onların üçü də tüstüdən boğularaq ölüblər.
Məlumata görə, hadisə baş verən zaman hadisəni törədən və ölən şəxslər sərxoş olublar. Onlar bir yerdə yeyib içdikdən sonra aralarında mübahisə düşüb.
23 yaşlı Ə. Abbasov da dayılarının sərxoş olmasından istifadə edərək onların olduğu otaqdakı yorğan-döşəyə od vurub və otağın qapısını bağlayıb. Nəticədə hər üç şəxs tüstüdən boğularaq ölüb.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb. Hadisəni törədən gənc yaxalanıb.