Azərbaycanda yaxalanan Qazaxıstan vətəndaşı ekstradisiya edildi

Saxtakarlıq ittihamı ilə axtarışda olan və Azərbaycanda yaxalanan Qazaxıstan vətəndaşı Madi Raimov ölkəsinə ekstradisiya olunub. Bu barədə Qazaxıstanın Maliyyə Polisi Agentliyi məlumat yayıb.

 

Məlumatda deyilir ki, 7 fevral 2014-cü ildə Qazaxıstanın Baş Prokurorluq və Maliyyə Polisi Agentliyi əməkdaşlarının müşayiəti ilə Madi Raimov ölkəsinə çatdırılıb. Onu Aktyubin vilayəti üzrə maliyyə polisi 2013-cü ilin iyununda beynəlxalq axtarışa verib.

 

APA TV xəbər verir ki, cinayət işi materiallarına əsasən, Raimov 2010-2012-ci illərdə 3 şəxslə danışıqlar əsasında 4 saxta müəssisə açıb və kommersiya təşkilatlarına vergidən yayınma işində köməklik göstərib. Ödənilməmiş vergilər əsasında dövlətə 2,5 milyard tenge, yəni təxminən 16 milyon dollar miqdarında ziyan dəyib.

 

Raimov Qazaxıstan Maliyyə Polisi Agentliyinin sorğusu əsasında Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən 2013-cü il noyabrın 5-də Qazax rayonunda saxlanılıb. Maliyyə polisindən bildirilib ki, Raimov yaxın günlərdə Aktobeyə göndəriləcək.

 

Müəllif | Apa.Tv