Evdəki pulları oğrulardan necə qorumalı? - MƏSLƏHƏT
"Bakıda içi pulla dolu seyf oğurlandı".
"Paytaxta içərisində 60 min manat pul olan seyfi apardılar".
"Məşhur şirkətdə seyfdən pul oğurlanıb".
APA TV-nin məlumatına görə, bu kimi xəbərləri eşitməyimiz az qala adi hala çevrilib. Bir zamanlar evə oğurluğa girənlər qəpik-quruş və ya adi məişət əşyaları oğurlayırdılarsa, indi oğurluqların sayının artdığı kimi onların motivi və "dəyəri" də artıb. İndi mənzilə oğurluğa girən şəxslər ilk əvvəl otaqda olan seyfi axtarmağa başlayırlar. Evdə seyf varsa, deməli, ailənin ən qiymətli xəzinəsi də məhz o qutuda saxlanılır. Bu yaxınlara qədər seyflərdən adətən ofis və ya iri mağaza şəbəkələrində istifadə edilirdisə, zaman keçdikcə insanlar pullarını və ya qiymətli əşyalarını seyflərə etibar etməyə başladılar. Amma get-gedə seyflər də bu etibarı itirməyə başlayıb. Araşdırmalarımızdan məlum oldu ki, hazırda seyf satışında tələbat ötən illərlə müqayisədə bir qədər aşağı düşüb. Mütəxəssislər bildirir ki, bu gün satışda olan seyflərin əksəriyyəti xarici ölkələrdən gətirilir. Alıcılar da yerli istehsaldan daha çox xarici mallara üstünlük verirlər. Səbəb isə çox sadədir. Çeşid fərqi və keyfiyyət öz sözünü deyir.
Alıcılar seyfləri daha çox iki xüsusiyyətinə görə alırlar. Birincisi seyflərin qoruyucu funksiyasının güclü olmasıdırsa, ikincisi seyflərin daha ağır çəkidə olmasıdır. Bu, əsas şərtlərdən biridir. Məsələn, bu seyf balaca görünsə də, təxminən 80 kq çəkisi var. Bu seyfi bir adam yerindən qaldırıb apara bilməz. Çətin ki, oğurluğa gələn şəxslərin bu seyfi aparmaq niyyəti asanlıqla baş tutsun.
Satıcı deyir ki, alıcılar seyf almaq istədikdə ilk növbədə onların etibarlı olmasını istəyirlər. Satılan seyflər funksiyalarına görə bir-birindən fərqlənirlər. Daha çox üstünlük isə daxilində gizli bölümləri olan seyflərdir. Hansı ki, bu gizli yerlər yalnız alıcıya göstərilir: "Baxın, bu seyf gizli yerləri olan seyfdir. Bunun qapağını açanda görürük ki, içərisində bir dolab var. Burda daha iki gizli dolab da var. Bu cür seyflər daha çox satılan seyflərdir ki, biz onların gizlin yerlərini yalnız alıcının özünə deyirik".
Alıcılar seyfləri həm də onların qiymətinə və görnüşünə görə almağa üstünlük verirlər. Bu seyfin çəkisi 300 kq, qiyməti isə 1500 manatdır. İki hissədən ibarət olan bu seyfin içərisində ayrı-ayrılıqda 4 bölmə var. Burda istənilən qədər pul və qiymətli əşyalar saxlamaq mümkündür.
"Az alınan seyflərdən biri də bu seyfdir ki, bunu yalnız silah saxlamaq üçün alırlar. Ona görə də bunun içərisi tamam boşdur. Çəkisi isə çox ağırdır".
Alıcıların üstünlük verdikləri seyflərdən biri də görünüşü aldadıcı olan seyflərdir. Bu seyfi görən şəxs ilk əvvəl onu evdə olan mebelin bir hissəsi zənn edər. Çünki seyfin görünüşü taxtaya bənzəyir və rəngi də bir o qədər seçilmir. Lakin içini açdıqda onun seyf olduğu məlum olur.
Mənzil oğurluqlarının artdığı zamanlarda vətəndaşlar qiymətli kağızlarını və əşyalarını daha çox banklarda saxlamağa üstünlük verirlər. Lakin bəzi banklardakı neqativliklər insanların etimadını qırmış olur. İndi paytaxt sakinləri pullarını hara etibar edirlər, banklara ya seyflərə?
Pulunuzun harada olmasından asılı olmayaraq vacib olan odur ki, təki pulunuz olsun!!!