Türkiyədə TƏYYARƏ QAÇIRMAĞA CƏHD EDƏN UKRAYNALI TUTULDU
Türkiyədə Xarkov-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsini qaçırmağa cəhd olub. 110 nəfər sərnişin və ekipaj üzvlərinin içində olduğu təyyarədə sərnişinlərdən biri üstündə bomba olduğunu deyib və təyyarənin Soçiyə istiqamətlənməsini tələb edib. Pilot təyyarəni İstanbulun Sabiha Gökçən Hava Limanına endirib.
APA TV-nin xəbərinə görə, Türkiyənin “Pegasus” şirkətinə məxsus olan təyyarəni bomba ilə təhdid edən şəxsin ukraynalı olduğu bildirilir.
Məlumata görə, sərnişinin bu hərəkətindən sonra pilotun mərkəzə verdiyi siqnalla Balıkesirdəki F-16 döyüş təyyarəsi havaya qaldırılıb.
Ukrayna Təhlükəsizlik Xidməti təyyarəni qaçırmaq istəyən şəxsin sərxoş olduğunu açıqlayıb. Türkiyədəki rəsmilərlə müzakirələrdən sonra yayılan açıqlamada bildirilib ki, hadisə terrora cəhddən daha çox sərxoş bir şəxsin özünü idarə edə bilməməsi kimi qiymətləndirilir.
Məlumata görə, artıq bu şəxs Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.