Bakıda GƏMİ YANDI
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) "Gəmir təmiri və gəmiqayırma" İstehsalat Birliyinə məxsus limandakı gəmilərin birində yanğın baş verib.
Yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə məlumat verilib. Dərhal hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Onlar ərazidəki insanları evakuasiya ediblər.
APA TV xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Suraxanı rayon hissəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi hadisə yerinə gəlib. Yanğın güclü olduğundan olay yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin Xətai rayon hissəsindən də əlavə olaraq 4 yanğınsöndürən maşını və canlı qüvvə cəlb olunub.
İlkin ehtimala görə, yanğına təmir olunan gəminin elektrik sistemində baş verən qısaqapanma səbəb olub. Yanğınsöndürənlər artan alovu söndürərək yanğının limandakı digər gəmilərə keçməsinin qarşısını alıblar.
Bərə gəmisinin yaşayış sahəsində hər birinin sahəsi 12 kv. m olan iki ədəd kayuta və sahəsi 40 kv. m olan dəhlizin plastik və şüşə pambıq üzlüyü, elektrik kabelləri yanıb.
Faktla bağlı araşdırma aparılır.