SOÇİ OLİMPİADASININ açılış mərasimi keçirildi
Rusiyanın Soçi şəhərində 2014-cü il Qış Olimpiya oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan da daxil olmaqla dünyanın 87 ölkənin nümayəndələri iştirak edib.
Soçi-2014-ün açılış mərasimində təxminən 40 ölkənin dövlət və hökumət başçıları fəxri tribunada əyləşib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da tədbiri birbaşa arenada izləyənlər arasında olub.
Azərbaycan idmançıları fəxri tribunanın önündən keçiblər. Analoji yarışda ardıcıl beşinci dəfə iştirak edən Azərbaycan Soçidə 4 idmançı ilə təmsil olunur.
Soçi olimpiadası Təşkilat Komitəsinin sədri Dmitri Çernışenko və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bütün iştirakçıları, idmançı və məşqçiləri salamlayıb, onlara uğur arzulayıblar. Rusiya prezidenti Vladimir Putin isə olimpiadanı rəsmən açıq elan edib. Bununla da XXII “ağ olimpiada” start götürüb. Soçi yarışlarına fevralın 23-də yekun vurulacaq.