8 DƏRƏCƏ İSTİ OLACAQ, Günəşdə alovlanma yüksək həddə çatacaq - PROQNOZ
Sabah Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti olacaq.
Fevralın 9-da Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin gecə saatlarında Lənkəran-Astara bölgəsində az yağıntılı olma ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Eyni zamanda yaxın 3 gündə müşahidə olunacaq kosmik hava proqnozu açıqlanıb. Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev APA-ya bildirib ki, hazırda günəşin diskinin 7 regionunda aktivlik və 223 müxtəlif ölçülərdə ləkələr müşahidə olunur. O deyib ki, fevralın 8-9-10-da Günəş alovlanması çox yüksək səviyyədə qalacağı, onun yayılmasının təkcə orta enerjidə deyil, hətta yüksək rentgen həddində ola biləcəyi proqnozlaşdırılır. Bu günlərdə geomaqnit iğtişaşlar və meteo şəraitin tez-tez dəyişməsi risk qrupuna daxil olan və meteohəssas insanlarda narahatlıq-diskomfort hissi yaradacaq. Sağlam və meteohəssas olmayan insanlar üçün isə narahatlığa gərək yoxdur.