Ölkəyə Finlandiya istehsalı olan 106 taxılyığan kombayn gətirilib
Ölkəyə Finlandiya istehsalı olan 106 taxılyığan kombayn gətirilib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, kənd təsərrüfatı naziri Heydər Əsədov Şirvan “Aqrolizinq” ASC-nin təchizat bazasına gətirilən yeni taxılyığan kombaynlara baxış keçirib. Qarşıdakı aylarda bu kombaynların bölgədə fəaliyyət göstərən fermerlərə lizinq şərtləri ilə paylanması gözlənilir: "Təlim keçməyən insanlara verilməyəcək. Təhsil Nazirliyi ilə peşə ixtisası məktəblərinin açılışı təmin ediləcək. Müəyyən dəstəklər göstərilərək bu texnikaların dəyəri ödənildikdən sonra onların şəxsi mülkiyyətinə çevriləcək".
Nazir bu yaxınlarda 100-dən artıq traktorun da kənd təsərrüfatı istehsalçılarına təqdim ediləcəyini bildirib. Onun sözlərinə görə, biçinə kimi ölkəyə 400 kombayn və 600-700 traktor gətiriləcək. Bunun üçün artıq Avropanın aparıcı istehsalçı şirkətləri ilə müqavilələr imzalanıb.
Maddi-texniki bazanın yaxşılaşdırılmasının kənd təsərrüfatı mallarının ucuzlaşmasına təsiri məsələsinə toxunan nazir qeyd edib ki, ucuzlaşma müxtəlif kompleks şəraitdən asılıdır. O bildirib ki, son nəticədə məqsəd məhsulun istehsalını artırmaq, qiyməti aşağı salmaq və istehlakçılara çatdırmaqdır.