Avropada MİLLİ MÜNAQİŞƏ

Bosniyada vəziyyət gərginləşib. Polisin iş rejimi gərginləşib, çünki, yenə binaların şüşələri sındırılır, yanğınlar baş verir, evlər talanır. Bu gün Bosniyada 90-cı illərdən indiyədək ölkədə baş verən ən irimiqyaslı etiraz çıxışları dörd gündür səngimir.
 
Etirazlar ağır sosial vəziyyətlə bağlıdır. Ölkədə işsizlik səviyyəsi 27,5 faizə, qeyri-rəsmi hesablamalara görə isə 44 faizə çatıb.
Uzun illər ərzində qanlı münaqişə şəraitində yaşayan üç əsas etnik icmanın üzvləri yeni müharibə qorxusu ilə iqtisadi və siyasi tənəzzülə dözürdülər. Lakin özəlləşdirmə və ölkə sənayesinin ürəyi sayılan Tuzlada bir neçə zavodun bağlanması insanları küçələrə çıxardı.
Paytaxt Sarayevoda nümayşçilər prezident sarayını yandırıblar, Tuzlada isə yerli administrasiyasının binası dağıdılıb. Zenitsa şəhər meriyasından da alov yüksəlib.
 
Polis nümayişçilərə qarşı rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib. Toqquşmalar zamanı 180-dən çox adam xəsarət alıb.
Paytaxt Sarayevonun da daxil olduğu kantonun baş naziri Suad Zelikoviç isə yeni qalmaqalın səbəbini deyib. O, özəl televiziyalardan birində telefon bağlantısı zamanı istefa verib-verməyəcəyi ilə bağlı sualı söyüşlə cavablandırıb.
 
Digər tərəfdən, Bosniya və Hersoqovinada baş verən hadisələr qonşu ölkələrdə reaksiya doğurub. Xorvatiya prezidenti İvo Yosipoviç qonşu ölkədəki etirazların tez bir zamanda sona çatacağına ümid etdiyini bildirib. Xorvatiya rəsmiləri Bosniya və Hersoqovinadakı iğtişaşları narahatlıqla qarşıladıqlarını bəyan ediblər.
 
Serbiyanın Liberal Demokrat Partiyası isə bəyan edib ki, Bosniya və Hersoqovinadakı hadisələr bütün Balkan ödkələri üçün xəbərdarlıq olmalıdır.

Müəllif | Apa.Tv
Apa.tv