Şəkidə ağır yol qəzası: 1 ÖLÜ, 1 YARALI
Şəkidə baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun 142-ci kilometrliyində, Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib. 1976-cı il təvəllüdlü, Şəki şəhər sakini Lətifov Vüqar Məmməd oğlu idarə etdiyi “LADA-Priora” markalı avtomobillə Şəki şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində sürücü Vüqar Lətifov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Avtomobil deformasiyaya uğradığından hadisə yerinə Fövqaladə Hallar Nazirliyini (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Xidmətini xilasediciləri cəlb edilib. Xilasedicilər Vüqar Lətifovun cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Avtomobildə olan sərnişin, 1984-cü il təvəllüdlü Əsgərov Toğrul Sülhəddin oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Şəki MRX-dan APA TV-yə verilən məlumata görə, qəza nəticəsində yaralanan Toğrul Əsgərovun xəsarətləri ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Fakla bağlı Daxili İşlər Nazirliyini(DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.