Azərbaycanda magistraturaya ərizə qəbulu başlayır
Qəbul imtahanlarında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə fevralın 11-dən 20-dək aparılır.
Bakalavrlar TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizemag) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur və özləri təsdiq edir. Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. Xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirirlər. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirirlər.
Magistraturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. İmtahanın birinci mərhələsi martın 2-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50 (o cümlədən, açıq tipli 5), informatika üzrə 25 (o cümlədən, açıq tipli 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq tipli 5) test tapşırığı təqdim olunacaq.