Qurban Yetirmişli: "Bugünkü zəlzələ Zaqatala zəlzələsi ilə eyni gücdə olub"
“Fevralın 10-da baş verən zəlzələ təbii ki, güclüdür”.
Bunu APA TV-yə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O, bildirib ki, zəlzələnin dərinliyi 55 kilometrdir. Bu, Azərbaycan üçün çox böyük hesab olunur: “Adətən Azərbaycan ərazisində zəlzələnin çoxu 8, 10, 12, 20 kilometrə qədər baş verir. Bugünkü zəlzələ Saatlıdan 41 km Şimali-Şərqə doğru Hacıqabul ərazisində baş verib. Bunun gücü Rixter cədvəli ilə 5.7 olub”.
Direktor qeyd edib ki, 2012-ci ilin mayında Zaqatalada baş verən zəlzələ ilə son zəlzələ eyni gücdədir. Fərq ondadır ki, sonuncu zəlzələ dərində baş verib.
Zəlzələnin səbəbinə gəlincə isə direktor qeyd edib ki, yerdaxili geodinomik proseslər gedir: “Tektonik qırılmalar boyu blokların hərəkəti, sıxılma, genişlənmə mövcuddur. Onun nəticəsi olaraq da yer üzərində dalğa şəklində silkələyir və zəlzələ baş verir”.
Bundan sonra zəlzələnin olub-olmayacağına gəlincə, Q. Yetirmişli bildirib ki, Azərbaycan seysmoaktiv bölgədə yerləşir və burada tez-tez zəif təkanlar baş verir.
Zəlzələ regionlarda da əhalini təşfişə salıb. APA TV-nin bölgə müxbirinin verdiyi məlumta görə, zəlzələ ən çox Hacıqabul rayonunun Udulu kəndində hiss olunub. İmişli, Saatl, Sabirabad, Neftçala, Salyan, Şirvan və Hacıqabulda da zəlzələ qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyi də də hadisə barədə məlumat yayıb. Məlumatda bildirilir ki, 10 fevral 2014-cü il tarixində saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul rayonu ərazisində, 55 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5,7 maqnituda (12 ballıq cədvəl üzrə 5 bal) gücündə, respublikanın əksər yaşayış məntəqələrində 5,0-3,0 bal, Bakı şəhərində isə 3 bala qədər hiss olunub. İnsan tələfatı və dağıntı yoxdur.