Kürdəmirdə MƏCBURİ KÖÇKÜNLƏRİN YATAQXANASI QƏZALI VƏZİYYƏTƏ DÜŞDÜ

Fevralın 10-da Hacıqabul ərazisində baş verən zəlzələ zamanı qonşu Kürdəmir rayonunda da yaşayış binalarına ziyan dəyib. APA TV-nin məlumatına görə, yeraltı təkan nəticəsində Kürdəmirdəki peşə liseyinin iki beşmərtəbəli yataqxana binası qəzalı vəziyyətə düşüb. Köhnə və uzun illər təmir edilməyən binalar zəlzələdən sonra yaşayış üçün daha da təhlükəli olub.

 

Beş rayondan 170 məcburi köçkün ailəsinin yaşadığı bu binaların divarlarında çatlar əmələ gəlib. Binalara rayon fövqəladə hallar komissiyasının və Kürdəmir rayon İcra Hakimiyyətinin qaçqınların və məcburi köçkünlərin işləri üzrə nümayəndələri baxış keçiriblər.

 

Sakinlərin sözlərinə görə, Ağdam, Xocalı, Şuşa, Kəlbəcər və Laçın rayonlarından olan məcburi köçkünlərin yaşadıqları bu binalar uzun illərdir, qəzalı vəziyyətdədir.

 

Zəlzələ zamanı qorxaraq, təşviş içində qəzalı binanı tərk edən insanlar gecələr evdə yatmağa ehtiyat etdiklərini bildirirlər. Binanın bir tərəfinin əyilməsi, divarlarda çatların əmələ gəlməsi, eyvanların və binanın sütunlarının, özül hissəsinin zədələnməsi səbəbindən oradakı mənzillər yaşayış üçün xeyli təhlükəli hesab edilir.

 

Bina sakinlərinin problemləri ilə bağlı məlumat verən rayon icra hakimiyyətinin qaçqın və məcburi köçkünlərin işləri üzrə nümayəndəsi Famil Qurbanov APA TV-yə bildirib ki, Kürdəmir rayonunda 600 məcburi köçkün ailəsi, yəni 2000 mindən çox adam məskunlaşıb. Bu il Kürdəmirdə məskunlaşan məcburi köçkünlər üçün yeni evlərin inşası nəzərdə tutulmayıb. Həmin binalar qəzalı vəziyyətdədir və onların dam örtüyü təmir edilib. Hazırda bu binalarda məcburi köçkünlər sıx şəkildə yaşadıqları üçün orada əsaslı təmir işləri aparmaq mümkün deyil. Binalarda təmir işləri aparmaq üçün insanlar oradan köçürülməlidir.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov