"Gənc liderlər” qış məktəbindən yeni layihə
Oğuz rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyi gənc siyasətçilər üçün “Gənc liderlər” qış məktəbinin növbəti layihəsinə start verilib. Beş gün davam edəcək layihə çərçivəsində 100-ə yaxın gənc müxtəlif diskussiya və müzakirələrə qatılacaq, yeni layihələrlə çıxış edəcəklər.
Tədbiri açan YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva ölkəmizdə həyata keçirilən islahatların, prezident İlham Əliyevin rəhbərliyi altında aparılan davamlı və qətiyyətli siyasi kursun bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratdığını bildirib.
Açılış mərasiminə qatılan YAP siyası şurasının üzvü Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb. Vüqar Rəhimzadə gələcəyə hesablanmış belə tədbirlərin mühüm əhəmiyyət daşıdığını, gənclərdə stimul yaratdığını bildirib.
APA TV xəbər verir ki, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyevanın sözlərinə görə, “Gənc liderlər” gənc siyasətçilər üçün qış məktəbinin əsas məqsədi gənclərin asudə vaxtını səmərəli keçirməsini təşkil etmək, həm də onların bir-biri ilə təmas qurmasından ibarətdir. Layihə çərçivəsində gənclər üçün intelektual və əyləncəli yarışlar təşkil olunduğunu deyən sədr müavini növbəti günlərdə “Nikah müqavilələrinin bağlanması və ailə məcəlləsi”, “Demoktarik dövlətin əsas anlayışları”, “Sosial şəbəkələrdə iş”, “Biz və sosial media”, “Azərbaycanda sosial cəmiyyət modeli” mövzuları ətrafında diskussiya və müzakirələr aparacaq. Debatlarda ilk dəfə iştirak edən gənclər həmçinin asudə vaxtlarında bölgə rayonlarına, tarix-memarlıq abidələrinə səyahət də nəzərdə tutulur.