ARDNŞ prezidenti: "İxtisarlar olacaq"

"Dövlət Neft Şirkəti "Аİ-95" benzininin istehsalını dayandırmaq niyyətindədir".

 

APA TV-nin xəbərinə görə, bunu Şirkətin prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, Aİ-95 markalı benzin idxal olunacaq. Аİ-98 markalı benzin isə artıq xaricdən idxal olunur. R.Abdullayev bildirib ki, bu, ölkədə benzinə artan tələbatın təmin olunması məqsədilə edilir: "Müraciət etmişik ki, 98 və 95 benzininin də Azərbaycanda azad satışı həyata keçirilsin ki, biz ancaq 92 benzini istehsal edək. Qərar qəbul olunsa, 95 benzini ləğv olunacaq".

 

Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin işçilərinin azaldılması ilə bağlı məsələyə də münasibət bildirib: "Məqsəd nəyisə azaltmaq deyil. Müasir standartlarla Dövlət Neft Şirkəti yenilikləri həyata keçirir. Şirkət beynəlxalq standartlarda işləməsi üçün müəyyən ixtisarlar olacaq".

 

Müəllif | Apa.Tv