Ağdamda 86 nəfərə qeyri-qanuni sosial yardım ayrılıb
"Azərbaycanda saxta yollarla ünvanlı sosial yardım alanlarla bağlı aparılan araşdırmalar Respublika Prokurorluğuna təqdim olunacaq".
APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosialı müdafiə naziri Səlim Müslümov bildirib ki, ölkədə ünvanlı sosial yardım alanların tam siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsində yerləşdirilib: "Bu fakt Ağdam rayonunda aşkarlanıb və 86 nəfərin həqiqətən qeyri-qanuni ünvanlı sosial yardım aldığı müəyyənləşdirilib. Onların adları siyahıda olduğu halda heç bir yardım almayıblar və onlara ayrılan yardım başqaları tərəfindən mənimsənilib. Artıq buna görə məsuliyyət daşıyan şəxslər barəsində lazımi məlumatlar toplanılıb və yaxın vaxtlarda Respublika Prokurorluğuna təqdim olunacaq".
Nazir bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlil arabalarında hərəkət edən şəxslər üçün Azərbaycana xüsusi minik avtomobillərinin gətirilməsi məsələsini nəzərdən keçirir.
Nazir həmçinin bu il ərzində əlillərin avtomobillərlə təminatına dair siyahının aradan qaldırılmasının gözlənildiyini və növbədə duran şəxslərin hamısının avtomobillə təmin olunacağını açıqlayıb: "Dövlət başçısının əllilərin pulsuz olaraq, avtomobillərlə təmin olunması üçün ayırdığı 5 mln. manat vəsait artıq Naxçıvan Avtomobil Zavodunun hesabına köçürülüb. Bu müəssisə bütün lazımi hissələrin ölkəyə gətirilməsi və müəssisədə avtomaşınların yığılması üçün artıq müvafiq müqavilələr də imzalayıb".
S.Müslümov deyib ki, avtomobil hissələrinin müəyyən hissəsi artıq ölkəyə gətirilib.