Ovçuluğun yazılmamış qanunları - REPORTAJ

Ovçuluqdan danışacağıq. Çox az peşə tapılar ki, ovçuluq qədər insana yüksək zövq versin. Azərbaycanda ovçuluq edənlərin bir qismi bu işə dolanışıq yeri, başqa bir qrupu məşğuliyyət növü, bəziləri də hobbi kimi baxır. Amma ovçuluq heç də təkcə güllə atmaq demək deyil. Bu peşənin öz sirləri, yazılmamış qanunları var. Ömrünün 40 ilini ovçuluqdan zövq alaraq keçirən Yusif Əhmədov o sirləri özü APA TV-yə açıb danışır. Ovçudan yola çıxarkən nə kimi tədarük görmək lazım olduğunu soruşduqda o, çay, duz, qənd, yağ, şor, şirniyyat götürməyi məsləhət gördü, bir şərtlə ki, bu ərzaqlar ancaq plastmas qablarda olsun. Çay qoymaqdan ötrü qab da vacibdir. Rezinlərdən istifadə etmək lazımdır ki, yağışlı havalarda ocaq qalamaq mümkün olsun. Vaxt gəlib çatır. Beşatılanımızı da götürüb yola düzəlirik. Əslində məqsədimiz ov etmək deyil. Sadəcə bu prosesi izləmək, onun ənənə və qaydalarını sizə çatdırmaqdı. İşdi, birdən könlünə ilk dəfə ova getmək düşən olsa, bilsin ki, nəyi necə etməlidir. Yusif dayı ov etmək bacarığını insana Allah tərəfindən verilmiş vergi sayır. O, ovçuluğun insanı həm fiziki, həm də mənəvi cəhətdən möhkəmləndirdiyini düşünür. Keçmişdə hünər, şücaət ovda qiymətləndirilərdi. Əziz qonaq gələndə hörmət əlaməti olaraq kişilər ov əyləncəsinə dəvət olunardı. Bir sözlə ov kişilik, mərdlik nümunəsi sayılarmış. Yusif dayı söhbətini davam etdirərək dedi ki, əsl ovçular ölkədə 2 faiz ola bilər. Ovçuluq məsuliyyətli işdir və çoxlu mənası var. Misal üçün, ovçu deyəndə hər şeyi ovsunlamalısan. Tək ovu yox, ocağı, suyu, gəzdiyin yerləri də. Elə adam var ki, meşəyə çatan kimi ocaq qalayır. Bu belə deyil. Təbiətdən zövq ala bilməyən insan ova gələ bilməz. Gəlib vəhşilik törədər. Dediyimiz kimi, ovdan danışırıqsa, qaydaları bilmək lazımdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevralın 28-dən ölkə ərazisində ov mövsümünü bağlayır. Mart, aprel və may ayları ov heyvanlarının cütləşməsi, bala dünyaya gətirməsi dövrü olduğundan göstərilən müddətdə bütün ovçuluq təsərrüfatları qapalı saxlanılır. Azərbaycanda 20 minədək adamın ovçuluqla məşğul olmaq icazəsi var. Son dörd ildə ov mövsümü yalnız məməli heyvanlar üçün açılıb, bağlanılır. Yəni, ancaq qaban, dələ, dovşan, qunduz, dağ keçisi (təkə), yenot, çaqqal və bəzi balıqların ovuna icazə verilir. Həmin heyvanların sayına müvafiq olaraq məhdud ov limiti müəyyənləşdirilir. Ovçumuz da bu qaydalara ciddi əməl etdiyini deyir. Yusif dayı yol boyu özü-özünə, Allah xeyirsiz ov qismət etməsin deyirdi. O, boğaz heyvanları, yanında bala olan, dişi heyvanları nəzərdə tutduğunu bildirdi. Belə heyvanlara nə özünün, nə də yoldaşlarının da tüfəng çevirmədiyini bildirdi. Ovda birinci şərtin yoldaşlıq olduğunu deyən Yusif dayı ovçu dostlarının arasında hörmətli şəxslərdəndir. O, uzun müddət ölkənin tanınmış insanları ilə birlikdə ova çıxıb. Hətta xarici dövlətin başçısı ilə ova çıxdığını vurğulayaraq dedi ki, Bolqarıstanın sabiq prezidenti ilə ova gedib. Başındakı papağı da onun verdiyini dedi. İki gün onunla qayada ovda olub. Ovçu danışanda ona heç kimin inanmadığını, ona  yalnız ovçuların inandığını deyir. Ovda inanılmaz səhnələrə rast gəldiyini, yaralı ayı ilə qarşılaşdığını bildirir. Elə ovçular var ki, həyatlarında baş verən bədbəxt hadisə onları silahı yerə qoymağa məcbur edib. Ovçu Yusiflə illərdir ova çıxan Ağanəzər Baxşəliyev dedi ki, silahı götürəndə sanki istisi əlini yandırır. Səbəb isə 2012-ci ildə baş verən bədbəxt hadisədir. Aralarında onun da yaxın adamı olan  3 gənc ov etmək məqsədilə dağa gedib qar uçqununa düşərək həlak olublar. Ağanəzər kişi, ovdan ötrü darıxdığını, ümumiyyətlə ov üçün darıxmayan insanın hissiyatsız olduğunu deyir. Son vaxtlar isə silaha əl vurmadığını deyir. Ovun yazılmamış qanunları da var. Ovçunun peşəkarlığı da elə bu qaydaları bilməsindən bəlli olur. Ovçunun tulaları heyvanı aparır. Yusif dayı deyir ki, başqa bir ovçu təsadüfən o heyvanı atır. Bu zaman o gedib həmin adama patron verir heyvanı götürüb gəlir. Bu ovun ona məxsus olduğunu bildirir. Kim ki, itinin qabağında atdısa heyvanı götürüb gəlməlidir.

 

Deyirlər ovçular gopçu olur. Yəni yalançı. Ancaq bu,  bəzən sözün yaxşı mənasında məcburiyyətə də çevrilir. İndi eşidəcəyiniz əhvalat yalana bənzəsə də həqiqətdir. Ovçu deyir ki, bir dəfə məşhur bir adam gəlir. Mütləq ov olmalıdır. Ovçular çıxır meşəyə, amma qara donuz tapa bilmirlər. Ağ donuz aləb, rəngləyirlər. Amma hansı rəngi vururlarsa gəlib görürlər ki, ağarıb. Axırda ona maşına vurulan rənglərdən vururlar. Qonaqlar da gəlb çıxırlar. Ovçular tez heyvanı gizlədirlər. İtlər heyvanı görüb cumurlar üstünə, heyvan hürküb götürülür. Məşhur adam da arxasınca güllə atır. Ovçular da bir-iki atəş açırlar. Həmin adam soruşur ki, heyvanı kim vurdu? Ovçular deyir, əlbəttə siz. Orda böyük təbriklər səslənir. Ovçular da heyvanı qıraqda soyurlar ki, rəngi bilinməsin. Sonda deyək ki, istədiyiniz yerdə ov edə bilməzsiniz. Vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinə regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir. Ölkəmizdə Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib. Ov yaqqında yazılmış və yazılmamış qayda-qanunları bilmədən ovçulq etməyi heç kimə məsləhət görmürük. Əks halda ovçu özü mənəvi və hüquqi məsuliyyətin şikarına çevrilə bilər.   

Müəllif | Apa.Tv