Salyanda 5 MAŞIN TOQQUŞDU, ELEKTRİK DİRƏYİ AŞDI
Salyanda baş verən zəncirvari qəzada 5 maşın toqquşub. Hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
APA TV-nin xəbərinə görə, qəza Ələt-Astara magistral yolunun 56-cı kilometrliyində, rayonun "PMK-9" adlanan yaşayış massivində qeydə alınıb. Salyanın Şorsulu kənd sakini, 19 yaşlı Tamerlan Ağasəf oğlu Süleymanlı idarə etdiyi “Hyundai” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən Noxudlu kəndinə dönmək istəyən Sabirabad sakini Rövşən Behbud oğlu Quliyevin idarə etdiyi “VAZ-21015” markalı maşını arxadan vurub. Sonra “VAZ-21015” markalı maşın Masallı sakini Abbasəli Habil oğlu Aslanovun idarə etdiyi “Mercedes”ə çırpılıb. Zəncirvari qəza nəticəsində “VAZ-21011” və digər “VAZ-21015” markalı avtomobillər də əzilib. “Hyundai” markalı maşın isə yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Zərbə güclü olduğundan elektrik dirəyi aşıb. Qəza nəticəsində maşınlar yararsız hala düşüb.
Xəsarət alan”Hyundai” markalı maşının sürücüsü Tamerlan Süleymanlı və digər “VAZ-21015”in sürücüsü, Cəlilabad sakini Elçin Nəbi oğlu Əliyev dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.