İran İslam İnqilabından 35 il ötür
Bakıda İran İslam İnqilabının 35-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil olunub. Rəsmi qəbulda Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri, parlament nümayəndələri, Azərbaycanda yaşayan iranlılar və ictimai xadimlər iştirak ediblər.
APA TV-nin xəbərinə görə, tədbirdə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İran İslam Respublikasının 35 il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb. O qeyd edib ki, İslam İnqilabı demokratik şəkildə keçirilən yeganə inqilab olub. Azərbaycan-İran əlaqələrinə toxunan səfir qeyd edib ki, bu münasibətlər artan xətlə inkişaf edir.
Tədbirdə iştirak edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov İran İslam Respublikasının prezident və xalqını bu gün münasibəti ilə Azərbaycan hökuməti və xalqı adından təbrik edib.
İki ölkə arasında sıx iqtisadi, siyasi və mədəni əlaqələrin olduğunu bildirən nazir qeyd edib ki, hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birinə dəstək verir, ikitərəfli əlaqələr inkişaf edir.
Tədbirdə eyni zamanda səfir Möhsün Pak Ayinin müəllif olduğu "Heydər Əliyev və İranla daim dostluğuna əsaslanan baxış" adlı kitabın təqdimatı keçirilib. Kitabda səfir həm Heydər Əliyevə, həm Azərbaycan-İran dostluq münasibətlərinə maraq və hörmətini nümayiş etdirib.