Gəncədə köçkünün intihara cəhdinin TƏFƏRRÜATLARI

Gəncədə beşmərtəbəli yataqxananın damına çıxaraq intihar etmək istəyən şəxsin Goranboy rayonunda yaşadığı məlum olub.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Gəncə şəhər Nizami rayonu üzrə nümayəndəsi Səbuhi Süleymanovun TV-nin qərb bürosuna verdiyi məlumata görə, Gəncə Dövlət Universitetinin yataqxanasının beşmərtəbəli binasının damına çıxaraq intihar etmək istəyən 34 yaşlı Səxavət Məmmədov həmin yataqxanada deyil, Goranboy rayonunun Meşəli kəndində yaşayır. Gəncədə yeni salınan şəhərciyə isə yalnız Gəncədə yataqxanalarda məskunlaşan məcburi köçkünlər yerləşdirilir.

S. Süleymanov onu da bildirib ki, Səxavət Məmmədovun yataqxanada yaşayan iki bacısı yeni mənzillərlə təmin edilib.

Kəlbəcər rayonundan olan məcburi köçkün, 1980-ci il təvəllüdlü Məmmədov Səxavət Həbib oğlu 2001 və 2009-cu il təvəllüdlü iki övladı ilə özünü 5-ci mərtəbədən atacağını deyib. Aparılan söhbətdən sonra onlar yataqxananın damından düşürüblər.

S. Məmmədov ev bölgüsü zamanı ona qarşı haqsızlıq olduğunu əsas gətirib.

FHN-nin hadisə ilə bağlı yaydığı xəbərdə deyilir ki, hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Məlum olub ki, həmin şəxs özünü və uşaqlarını yaşayış binasının damında yandırmaq istəyir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıblar, yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. 

Müəllif | Apa.Tv
Azər Məmmədli