Sabançının qatili 18 İL SONRA YAXALANDI
Türkiyədə məşhur iş adamı, "Sabancı Holdinq" yaradıcılarından olan Özdəmir Sabançıyı öldürən DHKP-C terror təşkilatının üzvü İsmayıl Akkol Afinada yaxalanıb. Özdəmir Sabançıyla birgə "Toyotasa" şirkətinin rəhbəri Haluk Görgün və katibə Nilgün Hasefenin də qətlə yetirildiyi hadisə 1996-cı ildə, İstanbuldakı "Sabancı Center"də baş verib. Binanın yuxarı mərtəbələrindən birində keçirilən iclas zamanı şüşələri silmək adı ilə kranla yuxarıya qaldırılan şəxs adıçəkilən üç nəfəri güllələyib.
İsmayıl Akkolu yunan polisi həbs edib. Afinada həyata keçirilən əməliyyatda Akkol ilə birgə 18 ildir, axtarılan Mustafa Duyar və Fəxriyyə Ərdal da tutulub. Bundan başqa, təşkilatın silahlı qanadının cavabdehi və gizli lideri olduğu güman olunan Murad Qorqut və bir qadının da həbs edilənlər arasında olduğu bildirilir.
Polisin cinayətkarları tutduğu evdən 1 kalaşnikov avtomatı, 3 tüfəng, 4 tapança və başqa silah - sursatlar, təşkilata məxus emblem və fotolar tapılıb.