Suriyada türkmənlərə qarşı soyqırımı: 10 ÖLÜ, YÜZLƏRLƏ YARALI

Suriyanın hökumət qüvvələri türkmənlər yaşayan bölgələrdə yerli əhaliyə divan tutmaqda davam edir. Suriya Türkmən Hərəkatının mətbuat katibi Əli Öztürkmənin APA TV-yə verdiyi məlumata görə, son 40 gündə Hüms şəhərinin türkmən kəndlərində hökumət qüvvələri tərəfindən yüzdən artıq dinc sakin qətlə yetirilib. Əli Öztürkmən Bəşər Əsədə bağlı qüvvələrin bu gün Zara bölgəsinin Hasırcı türkmən kəndinə basqın etdiyini, yerli sakinləri atəşə tutduğunu deyib. Nəticədə 10-dan artıq türkmən öldürülüb, 100-dən artıq dinc sakin güllə yarası alıb. Suriya Türkmən Hərəkatı artıq kənddə soyqırımı törədildiyinə dair videogörüntüləri də yayımlayıb. Videomaterialda hökumət qüvvələrinin basqını nəticəsində öldürülmüş türkmənlərin meyitləri əksini tapıb.

 

Müəllif | Apa.Tv