Qərib Məmmədov: "Bələdiyyə sərəncamı hüquqi sənəd deyil"
"Bəzi bələdiyyələrin bir torpaq sahəsini bir neçə dəfə satması, hətta qonşu sahələrə sərəncam verməsi faktları olub".
APA TV-nin xəbərinə görə, bunu deyən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov əlavə edib ki, bələdiyyələrin sərəncamı hüquqi sənəd deyil: "Sənəd o vaxt olur ki, onu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təsdiqləyir və orada ilkin sənəd, yəni texniki pasport, kadastr planı var. Bundan sona sənəd sayılır".
Qərib Məmmədov vurğulayıb ki, Komitə 34 rayon üzrə 176 bələdiyyənin ərazi sərhədlərini müəyyən etməyə başlayıb. Artıq 35 bələdiyyənin xəritələri hazırlanıb.
Komitə sədri Azərbaycanın milli atlası ilə bağlı yeniliklərdən də danışıb.
Bildirib ki, 800 xəritəni əhatə edəcək milli atlas 19 bölmədən ibarətdir: "2007-ci ildə ermənilər özlərinin milli atlasını çap ediblər və bu atlasda Azərbaycanın işğal olunmuş ərazilərini öz əraziləri kimi göstəriblər . Bu, erməni saxtakarlığıdır. Bunları ifşa etmək üçün Azərbaycanın milli atlasının hazırlanması qərarına gəlinib".
Dövlət Torpaq və Xəritəçəkmə komitəsi 2013-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.