Komitə sədri: "Gürcülər 24 il əvvəl mübahisəli ərazidə kənd salıblar"

“Gürcüstanla 480 km sərhədimiz var. Bu sərhədlərin 300 km-i dəqiqləşdirilib. 180 km sərhədin dəqiqləşdirilməsi üzrə müzakirələr aparılır”.

 

APA TV-nin xəbərinə görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib: “Balakən rayonunda Bazar adlanan ərazidə gürcülər ötən əsrin 90-cı illərinin əvvəllərində kənd salıblar. Həmin kəndin ərazisi 19 hektarı əhatə edir. Hazırda mübahisə həmin ərazi ilə bağlıdır”.

 

Qərib Məmmədov Azərbaycanla Rusiya arasında dövlət sərhədində demarkasiya məsələsinə toxunub: “Bu işlərə də artıq start verilib. Ötən ilin may ayında Rusiya və Azərbaycan dövlət sərhədlərinin demarkasiyası ilə bağlı Dövlət Komissiyalarının ilk iclası keçirilib. Hazırda ekspertlər səviyyəsində demarkasiya ilə bağlı normativ sənədlər hazırlanır".

 

Komitə sədrinin sözlərinə görə artıq Azərbaycanla İran arasında dövlət sərhədində sərhəd nişanlarının bərpası və yenidən qurulması işləri aparılıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı