Zərdüştilərin müqəddəs məbədi - “Atəşgah”

-"Atəşgah" məbədindəyik. İndiki görünüşü  təxminən, XVI əsrə aid olan məbədə. Əslində, məbədin tarixi eramızdan əvvəllərə - II-III minilliklərə  gedib çıxır.

 

Bu mənim məbədə ilk gəlişim deyildi. Ayrı-ayrı illərdə sadəcə, ziyarətə,  bu dəfə isə APA TV-nin operatoruyla çəkilişə gəlmişəm.

Keçmişin izlərini özündə yaşadan Odlar məbədi - “Atəşgah” Bakının mərkəzindən 30 kilometr aralıda, Abşeron yarımadasının Suraxanı kəndinin cənub-şərq qurtaracağında yerləşir. Müasir Atəşgah XVI-XVII əsrlərdə yerdən təbii çıxan qaz yatağının üstündə inşa edilib. Məbədi Suraxanı sakinlərinin tikdiyi ehtimal olunur. Bütün tarixi mənbələrdə Bakı təbii alovların yandığı Odlar diyarı kimi təqdim olunur və atəşpərəstlər zərdüştilər bu məkana qədim zamanlardan müqəddəs oda tapınmağa gəliblər. Ehtimal olunur ki, bu, Bakı ərazisində bizim eradan əvvələ aid ilk məbəddir.

Ərəblər Azərbaycanı işğal etdikdən və əhalini müsəlmanlaşdırandan sonra zərdüştilərin məbədi dağıdıldı. Onların əksəriyyəti islamı qəbul etməyib, Hindistana getdilər. Sonralar  əsas ticarət yollarının ölkəmizdən keçməsi isə əlaqədar, Suraxanı məbədinin fəaliyyətini yenidən bərpa edib.

-Atəşgaha 7 od məbədi də deyiblər. Çünki bu məbədin içərisində 7 yerdə od yanırmış. Bu tonqallar yerdən çıxan təbii qazdan yaranırmış. Əvvəllər, insanların bu tonqallar ətrafında qızındıqları da deyilir.

 

Məbədlə tanışlığa sonuncu hücrədən başladıq. Hücrə hündür yerdə tikildiyindən, burdan “Atəşgah”ın həyəti və baş ibadətgahı tam görünür. Məbəddə ilk tikili 1713-cü ilə aiddir. XVII əsrdə isə məbəd kompleksi genişləndirilib,  bir-birinə bitişik ibadətgah, hücrələr və karvansara inşa edilib. “Atəşgah”da daimi yaşayan onlarla zahid burda tərki-dünya həyat sürüblər, bədənlərinə əzab verərək ruhlarını təmizləyiblər. Onlar inanırdılar ki, öləndən sonra, insanın ruhu yenidən doğularaq, yer üzünə qayıdır. Məbədin kiçik bir hücrəsində bütün ömrünü oda sitayiş etməklə keçirən kahinin heykəli var. Başqa bir hücrədə isə, qaynar əhəngin üzərinə uzanaraq, özünə əzab verən başqa tərki-dünyanın fiqurunu görürük. Hücrələrdə dəstəmaz üçün istifadə olunan əşyalara da rast gəlmək olar. Səcdəgahın yanında arıqlamış, bədəninə 30 kiloqramlıq zəncir bağlayıb, özünə fiziki əzab verən birisi və onun yanında heç nə yeməyərək, ac qalan zahidin də fiquru var. --

 

-Bu məbəddə yerli atəşpərəstlərlə yanaşı, hindli zəvvarlar da yaşayıblar. Onlar yerli atəşpərəstlərdən fərqli olaraq, yaxınları öldükdən sonra, onları tonqalda yandırırdılar. Həmin tonqal isə “Atəşgah”ın düz mərkəzində - indi dayandığımız bu yerdə qalanırmış.

 

XIX əsrin əvvəllərində bu məbəd indiki şəklinə düşüb. “Atəşgah”, sırf ibadət yeri kimi, 1880-ci ilədək fəaliyyət göstərib və həmin il buradakı sonuncu kahin də Hindistana köçüb. 1975-ci ildə aparılan bərpa işlərindən sonra, “Atəşgah” yenidən qapılarını ziyarətçilərin üzünə açıb.

 

- İnsanın yaşaması üçün ən vacib şeylərdən biri də sudur. Məbəddə su tapmaq üçün onun bir neçə yerində quyular qazılıb. Lakin su tapılan yeganə mənbə bu quyudur. 

 

Bəzi hücrələrdə Azərbaycanın regionlarından qazıntılar zamanı tapılan əşyalar - sərniclər, dolçalar, küplər, iri boşqablar, kasalar sərgilənir. Bütün hücrələrdə divarın içində taxçalar var. Xırda taxçalara otağı işiqlandırmaq üçün məşəl qoyulur, bir qədər irilərindən isə rəf kimi istifadə olunurdu. Bir zamanlar Azərbaycana səyahətə gələnlər mütləq "Atəşgah"ı ziyarət edərdilər Səyyah və alimlər, o cümlədən XVIII əsrdə İngiltərənin görkəmli ictimai xadimi,  səyyah  və  publisist  olmuş  Conas Hanuey  Bakı ətrafında  ayrı-ayrı  dövrlərdə  tikilmiş,  müxtəlif  tipli qədim od məbədlərinin mövcudluğu haqqında yazırdı. Fransız yazıçısı Aleksandr Düma, məşhur rus kimyaçısı Mendeleyev, rus rəssamı Qriqori Qaqarin bura gələrək, ibadət edənlərə baxıblar. Mendeleyev hətta həyat yoldaşına yazdığı məktubda indiyədək belə bir məbəd görmədiyini etiraf etmişdi. 1888-ci ildə “Atəşgah”a ailəsi ilə birlikdə gələn rus çarı III Aleksandr da indiyədək ikinci belə bir məbəd tanımadığını deyib.

 

-“Atəşgah”ın divarlarında qədim hindlilərin istifadə etdiyi əlifba - sanskrit əlifbası ilə yazılar da var. Bu yazıların mənası bilinmir. Bir neçə dəfə Hindistandan məbədə yazıları oxumaq üçün hindli alimləri gəlsələr də, bu yazıların şifrəsi  hələ ki açılmayıb. 

 

Azərbaycanın maddi mədəniyyət abidələri sırasında, atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş “Atəşgah” Dövlət Tarixi-Memarlıq Qoruğu hazırda YUNESKO-nun tərtib etdiyi "Dünya İrsinin İlkin siyahısı"na daxil edilib.

 

Müəllif | Apa.Tv