İŞGƏNCƏ GÖRƏN GƏLİN tibbi ekspertizadan keçəcəkmi?
Astara Rayon Məhkəməsində gəlinə işgəncələr verməkdə təqsirləndirilən Malik Nabatovun, arvadı Mirvari Şahmuradovanın və oğlu Afiəddin Nabatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, hakim İsmayıl Abdurəhmanlının sədrliyi ilə keçirilən poresesdə təqsirləndirilən tərəfin müdafiəçisi zərərçəkənin psixoloji durumunu qiymətləndirmək məqsədilə onun tibbi ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti müzakirə etmək üçün müşavirəyə gedib.
Astara rayonunun Pəlikəş kənd sakini, 1969-cu il təvəllüdlü Malik Məmmədağa oğlu Nabatov yaşadığı evdə 2011-ci ilin oktyabr ayından 2012-ci ilin iyun ayına kimi olan dövrdə oğlu, 1994-cu il təvəllüdlü Afiəddin Nabatov və arvadı, 1975-ci il təvəllüdlü Mirvari Şahverdi qızı Şahmuradova ilə qabaqcadan əlbir olaraq gəlini, 1994-cü il təvəllüdlü Qutamə Arzu qızı Rükiyevanı mütəmadi olaraq təhqir edib, döyub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, saçlarını qırxıb və müxtəlif fiziki əzab veriblər. Qutamə Rükiyevanın təxminən 8 ay müddətində mütəmadi təhqir edildiyi, onun müxtəlif ağrılar və psixi iztirablara məruz qaldığı Astara Rayon Prokurorluğunda aparılan istintaq hərəkətləri ilə sübuta yetirilib. Q.Rukiyevanın əri Afiəddin Nabatov, qayınatası Malik Nabatov və qayınanası Mirvari Şahmuradova barəsində Cinayət Məcəlləsinin 133.2.3, 133.2.4, 133.2.6 və 145.2.3 maddələri ilə cinayət işi açılıb, Astara Rayon Məhkəməsinin qərarı ilə ata və oğul barəsində həbs qəti-imkan tədbiri seçilib.