Bakıda 67 YAŞLI KİŞİ ÖZÜNÜ 12-Cİ MƏRTƏBƏDN ATMAQ İSTƏDİ
Bakıda intihara cəhd olub. APA TV-nin məlumatına görə, 67 yaşlı İsrafilov İsrafil Nadir oğlu paytaxtın Yasamal rayonunda, Şərifzadə küçəsindəki 18 mərtəbəli binadan özünü atacağını bildirib. Onun sözlərinə görə, hələ tikintisi tam başa çatmayan binanı inşa edən şirkət tərəfindən aldadılıb və binanın tikintisi gecikdirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib. Xilasedicilər İsrafil İsrafilovun intihar cəhdinin qarşısını ala və 67 yaşlı kişini xilas edə biliblər.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, kişi özünü tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsindən atmaq istəyib. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısı alınıb. Xilasedicilər intihara cəhd edən şəxsi aidiyyəti üzrə təhvil veriblər.