Sərhəddə 368 min manatlıq qaçaqmal saxlanılıb
Ötən ay Dövlət Sərhədi axtarışda olan 187 nəfəri aşkar edib. Xidmət tərəfindən 2014-cü ilin yanvar ayı dövlət sərhədini pozduqları üçün 28 halda 30 nəfər saxlanılıb, onların 14 nəfəri Azərbaycan, 9 nəfəri Özbəkistan, 2 nəfəri İran, 2 nəfəri Rusiya, 1 nəfəri Gürcüstan, 1 nəfəri Türkiyə, 1 nəfəri Qana vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 9 nəfər, Xəzər dənizində 18 halda 24 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 6 kiloqram 943 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
APA TV-nin xəbərinə görə, Dövlət Sərhəd Xidməti ötən ay silahlı qaçaqmalçı qrupun ölkə ərazisinə keçməsinin qarşısını alıb. Yanvarın 5-də Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində 4 nəfərdən ibarət silahlı qaçaqmalçı qrup İrandan Azərbaycana keçməyə cəhd göstərib. Silahlı basqın dəf olunub, sərhəd pozucuları geri qaçmağa məcbur edilib. Hadisə yerinə baxış zamanı ərazidə 4 kiloqram tiryək və 1 kiloqram heroin aşkarlanıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 54 halda ümumi dəyəri təqribən 368 min manat olan qaçaqmal saxlanılıb.