Binəqədidə GÜCLÜ PARTLAYIŞ: YARALILAR VAR

Paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilidə partlayış baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Partlayış baş verən əraziyə Təcili Yardımın 7 briqadası göndərilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Yaralanan 1961-ci il təvəllüdlü Afiyət İbadova üz yanığı, sol təpə gicgahının beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Bakı şəhər təcili və təxirəsalinmaz tibbi yardim stansiyasinin baş həkimi Mürsəl Həmidov APA TV-yə deyib ki, digər yaralı - 1989-cu il təvəllüdlü Kazımov  Tərlan Əbdüləli oğlu isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. O, sağ budunun yumşaq toxumasının əzilməsi ilə rendgen olunub, hazırda xəstə özünü normal hiss edir.
 

1961-ci il təvəllüdlü Səadət Ağayeva isə sağ ayağın travması ilə Bakı İstanbul Tibb Mərkəzinə yerləşdirilib.

 

APA TV xəbər verir ki, partlayış zamanı yaxınlıqda yerləşən şadlıq sarayına, oradan keçən iki sərnişin avtobusuna ziyan dəyib. Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidməti və polis tərəfindən araşdırma aparılır. Hadisənin baş verməsinə yarımçıq tikilinin zirzəmisinin altından keçən qaz borusunda baş verən sızma səbəb olduğu ehtimal edilir.

 

Müəllif | Apa.Tv